Bakı. 1 oktyabr. REPORT.AZ/ İran Suriyada quru əməliyyatları keçirməyə hazırlaşır. "Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumta görə, 10 gün öncə yüzlərlə iranlı hərbçi Suriyanın şimalına, üsyançılar tərəfindən ələ keçirilən əraziyə yeridilib. Onların məqsədi Bəşşar Əsədin itirdiyi əraziləri geri qaytarmaqdır.
Xəbərdə bildirilib ki, əməliyyat Bəşşar Əsədə bağlı qoşunla birlikdə keçiriləcək. Bundan başqa, yaxın zamanda əməliyyat Rusiya Hərbi Hava Qüvvələri ilə də koordinasiya ediləcək.
Məlumata əsasən, Rusiya Suriyada ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən üsyançıların sığınacağını da bombalayıb.
Səudiyyə Ərəbistanı isə Rusiyanın İŞİD terrorçuları olmayan bölgələrə zərbələr endirdiyindən uçuşları dayandırmağı tələb edib.
Qeyd edək ki, "The New York Times"ın yazdığına görə, Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyi iddia edilən Suriyadakı "Ceyşül-İslam" silahlı qruplaşması Rusiyaya qarşı müharibə elan edib.
Rusiya qırıcılarının Suriyada terrorçuların mövqeyini vurmaması ilə bağlı ittihamlara cavabında Vladimir Putin deyib: "Biz belə informasiya həmlələrinə hazırıq".