İsrail Qəzzada döyüşlərin tempini artırmağı davam etdirəcək
- 19 mart, 2025
- 01:07
İsrail Qəzza zolağına hücumlarını bərpa edib və hərbi əməliyyatlara fasilə vermədən intensivliyini artıracaq.
“Report” xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu xalqa televiziya ilə müraciətində bildirib.
“Hərbi təzyiqləri artıracağıq. Bundan sonra İsrail Fələstinin HƏMAS hərəkatına qarşı artan hərbi gücü ilə hərəkətə keçəcək və danışıqlar yalnız atəş altında aparılacaq”, – o deyib.
Netanyahu atəşkəsin pozulmasına görə məsuliyyəti bir daha HƏMAS rəhbərliyinin üzərinə qoyub, İsrail tərəfinin versiyasına görə, onun uzadılması üçün təklif olunan bütün variantları rədd edib.
“Mən dəfələrlə demişəm: Əgər HƏMAS bütün təkliflərimizi rədd edərsə, biz döyüşləri bərpa edəcəyik və buna görə də biz həqiqətən döyüşə qayıtmışıq, tam gücümüzlə döyüşə qayıtmışıq”, – Baş nazir vurğulayıb.
O, İsrailin bütün məqsədlərinə çatacağına əminliyini ifadə edib: “Biz müharibənin bütün məqsədlərinə nail olmaq üçün mübarizəmizi davam etdirəcəyik: bütün girovlarımızın azad edilməsi, HƏMAS-ın məhv edilməsi və Qəzzanın İsrail üçün artıq təhlükə yaratmamasını təmin etmək”.