İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzi hissəsində yeraltı silah istehsalı sexi ilə yanaşı, HƏMAS-ın dörd üzvünün də məhv edildiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə ordunun teleqram kanalı bildirib.
“Bu gün İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Balahda avtomobildə olan HƏMAS-ın dörd silahlı terrorçusuna qarşı dəqiq və kəşfiyyat məlumatlarına əsaslanan zərbə endirib", - qurumdan bildirilib.
Həmçinin qeyd olunub ki, həmin ərazidə əsgərlər HƏMAS-ın silah istehsalı obyektinin yerləşdiyi yeraltı tunel marşrutunu aşkar edərək sıradan çıxarıblar. Kompleksdə bir neçə torna dəzgahı, eləcə də emal və kəsici dəzgahlar və hərbi avadanlıqlar olduğu bildirilir.