İrlandiya hökuməti ailə və gender bərabərliyi ilə bağlı referendumda məğlub olduğunu etiraf edib

İrlandiya hökuməti ailə və gender bərabərliyi ilə bağlı referendumda məğlub olduğunu etiraf edib İrlandiya vətəndaşları nikah və qadınların ailədəki vəzifələri haqqında müddəalarla bağlı ölkə Konstitusiyasına düzəlişləri dəstəkləməyiblər. “Köhnəlmiş” dili dəyişmək üçün fəal kampaniya aparan Baş nazir Leo Varadkar məğlubiyyətini etiraf edib.
Digər ölkələr
10 Mart , 2024 05:03
İrlandiya hökuməti ailə və gender bərabərliyi ilə bağlı referendumda məğlub olduğunu etiraf edib

İrlandiya vətəndaşları nikah və qadınların ailədəki vəzifələri haqqında müddəalarla bağlı ölkə Konstitusiyasına düzəlişləri dəstəkləməyiblər. “Köhnəlmiş” dili dəyişmək üçün fəal kampaniya aparan Baş nazir Leo Varadkar məğlubiyyətini etiraf edib.

“Report” “The Irish Times”a istinadən xəbər verir ki, səsvermənin rəsmi nəticələri daha sonra açıqlanacaq, lakin hökumət başçısı artıq düzəlişlərin “inandırıcı” və “layiqli” iştirakla rədd edildiyini söyləyib.

“Bizim üzərimizə düşən çoxluğu “hə” deyə səs verməyə inandırmaq idi, ancaq, təəssüf ki, bunu edə bilmədik”, – Baş nazir əlavə edib.

İlkin məlumata görə, dəyişikliklərin əleyhinə bir milyondan çox insan səs verib. Lehinə olanların sayı isə 400 mindən bir qədər az olub.

Referendumun birinci bəndində ailənin konstitusion tərifinin nikah əsasında qurulmuş özəkdən cütlərin, o cümlədən eynicinsli cütlüklərin “güclü münasibətlərinə” söykənən birliyinədək genişləndirilməsi təklif edilirdi.

İkinci məsələ İrlandiya cəmiyyətində qadınların rolu ilə bağlı idi. Qanunun hazırkı redaksiyasında qadının öz məişət vəzifələri ilə dövlətə dəstək verdiyi və bunsuz “ictimai rifahın əldə edilə bilmədiyi” vurğulanıb. Eyni zamanda, konstitusiyada qeyd olunub ki, dövlət də öz növbəsində anaların “evdəki öhdəliklərinə laqeyd yanaşaraq” əməklə məşğul olmamasını təmin etməyə çalışmalıdır.

Düzəliş müəllifləri belə dili köhnəlmiş və qadınların rolunu aşağılayan adlandırıblar. Onlar iki köhnə maddə əvəzinə konstitusiyaya yeni maddənin yazılmasını təklif etdilər ki, burada ictimai rifahın əsası təkcə qadınlar deyil, bütün ailə göstərilsin. Diqqətçəkən məqam ondan ibarətdir ki, İrlandiyanın bütün əsas partiyaları seçicilərinin referendumun hər iki düzəliş bəndinə “hə” səs verməsi üçün kampaniya aparıblar.

Son xəbərlər

Orphus sistemi