İranın daxili işlər naziri İslamabada gedib
- 21 iyul, 2026
- 10:46
İranın daxili işlər naziri İsgəndər Momeni regionda gərginliyin artması fonunda İslamabada rəsmi səfər edib.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
İ.Momeni Pakistana yüksəksəviyyəli nümayəndə heyətinə rəhbərlik edərək gedib. Nümayəndə heyətinin tərkibinə Sistan və Bəlucistan əyalətinin general-qubernatoru, daxili işlər, şəhərsalma və nəqliyyat nazirlərinin müavinləri, İran Milli Neft Şirkətinin rəhbəri, kənd təsərrüfatı nazirinin xüsusi nümayəndəsi və digər rəsmi şəxslər daxil olub.
Jurnalistlər qarşısında çıxış edən iranlı nazir bildirib ki, səfərin əsas məqsədi qonşu ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsi və əsas istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsidir.
Onun sözlərinə görə, tərəflər daha əvvəl qarşılıqlı ticarətin həcmini üç dəfədən çox artıraraq ildə 10 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.
Pakistanın daxili işlər naziri Möhsün Nəqvi öz növbəsində ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsinə və regional gərginliyin azaldılmasına yönəlmiş səylərin dəstəklənməsinə ümid etdiyini bildirib.