Bakı. 29 sentyabr. REPORT.AZ/ İraqın şimalındakı yerli hökumət bölgədəki sərhəd-keçid məntəqələrini mərkəzi hakimiyyətin nəzarətinə verməkdən imtina edib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bölgə hökumətindən heç bir sərhəd-keçid məntəqəsinin Bağdadın nəzarətinə verilməyəcəyi bildirilib.
Qeyd edək ki, rəsmi Bağdad İraqın şimalındakı hökumətin təşəbbüsü ilə sentyabrın 25-də keçirilən “referendum”dan sonra bölgədəki bütün sərhəd-keçid məntəqələri və hava limanlarını mərkəzi hakimiyyətin nəzarəti altına verilməsini tələb etmişdi. Bunun üçün bölgədəki hökumətə 72 saat vaxt verilmişdi.
İraq Mülki Aviasiya Təşkilatı xarici hava şirkətlərini sentyabrın 29-dan etibarən ölkənin şimalındakı Ərbil və Süleymaniyyə hava limanlarına uçuşların dayandırılması ilə bağlı məlumatlandırıb. Misirin “Egypt Air”, Livanın “Middle East Airlines”, İordaniyanın “Royal Jordanian Airlines”, Birləşmiş Ərəb Əmirliklərinin “Fly Dubai”, Türkiyənin “Turkish Airlines”, “Atlas Global” və “Pegasus”, Qətərin “Qatar Airways” hava şirkətləri artıq uçuşları dayandırıb.