Hindistanın şimalındakı Uttar-Pradeş ştatının Cansi şəhərindəki xəstəxananın uşaq şöbəsində baş verən yanğın nəticəsində azı 10 xəstə ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
"Uşaqların çoxu xilas edilsə də, ilkin məlumata görə, bədbəxt hadisə nəticəsində 10 uşaq ölüb", - yerli administrasiya rəsmisi Avinaş Kumar jurnalistlərə bildirib.
“Şöbə əməkdaşlarından alınan məlumata görə, yanğın saat 22:35 (Bakı vaxtı ilə saat 21:05) radələrində baş verib”, - Kumar əlavə edib. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər həkimlər və tibbi heyət tüstü basmış otağın şüşələrini sındıraraq xəstələri təxliyə ediblər. "37 uşaq təhlükəsiz şəkildə xilas edilib", - o deyib.
Yanğının güman edilən səbəblərindən biri qısaqapanmadır. “Yanğının səbəblərini araşdırmaq üçün komissiya yaratmışıq”, - hakimiyyət nümayəndələrindən biri bildirib.