Hesabat: 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Digər ölkələr
  • 27 aprel, 2026
  • 04:26
Hesabat: 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

2025-ci ildə dünya dövlətlərinin məcmu hərbi xərcləri 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,9 % artaraq 2,887 trilyon dollar təşkil edib.

"Report" xəbər verir ki, bu məlumatlar Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yeni hesabatında yer alıb.

İnstitut analitiklərinin qiymətləndirmələrinə görə, Birləşmiş Ştatlarda hərbi ehtiyaclara çəkilən xərclər azaldığı halda, Avropada bu xərclər 14 %, Asiya-Sakit okean regionunda isə 8,1 % artıb. Bununla yanaşı, ən böyük müdafiə büdcəsinə malik üç dövlət - ABŞ, Çin və Rusiya birlikdə 1,480 trilyon dollar xərcləyib ki, bu da dünya həcminin 51 %-nə bərabərdir.

Hərbi ayırmaların artımı artıq ardıcıl on birinci ildir ki, qeydə alınır. Onların dünya ümumi daxili məhsuluna nisbəti 2,5 %-ə çatıb ki, bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir. 2,9 %-lik artım tempinin ötənilki 9,7 %-dən əhəmiyyətli dərəcədə aşağı olmasına baxmayaraq, institut mütəxəssisləri vurğulayıblar ki, bu cür ləngimə böyük ölçüdə Birləşmiş Ştatların müdafiə büdcəsinin ixtisarı ilə əlaqədardır.

Amerikanın xərcləri nəzərə alınmadan 2025-ci ildə silahlanmaya çəkilən ümumdünya xərcləri 9,2 % artıb. Müdafiə xərclərinin həcminə görə ilk beşliyi ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan təşkil edib ki, bütün dünya hərbi xərclərinin 58 %-i ümumilikdə onların payına düşüb.