Heqset: Hörmüz boğazında əməliyyat İranla atəşkəsə təsir etmir
- 05 may, 2026
- 16:47
Hörmüz boğazında "Azadlıq" əməliyyatının keçirilməsi İranla atəşkəsə son qoyulması demək deyil.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib.
"Xeyr, atəşkəs dayandırılmayıb. Nəticə etibarilə, bu ("Azadlıq" əməliyyatı - red.) ayrı və müstəqil bir əməliyyatdır. Başlanğıcda müəyyən mürəkkəbliklərin yarana biləcəyini gözləyirdik - belə də oldu. Biz müdafiə olunacağımızı və bunu qətiyyətlə edəcəyimizi bəyan etmişdik, məhz belə də etdik. İran bunu bilir", - o deyib.
Heqsetin sözlərinə görə, bu və ya digər hərəkətlərin atəşkəsin pozulmasına gətirib çıxarıb-çıxarmayacağına dair qərarı ABŞ Prezidenti verəcək.
O həmçinin vurğulayıb ki, Vaşinqton eskalasiyaya yol verməmək üçün İranı təmkinli olmağa çağırır.
"Söhbət boğazlardan, gəmiçilik azadlığından, beynəlxalq sulardan, ticarətin sərbəst hərəkətindən - əvvəllər mövcud olan və yalnız İranın mübahisə etdiyi hər şeydən gedir", - Pentaqon rəhbəri qeyd edib.
O əlavə edib ki, hazırda atəşkəs qüvvədə qalır, lakin ABŞ vəziyyətin inkişafını diqqətlə izləyəcək.