Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvar Qəzza zolağında müharibəyə son qoymaq üçün İsraillə atəşkəs sazişi bağlamaq istəyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, Misir və Qətərdən olan vasitəçilər bununla bağlı İsraili məlumatlandırıblar. Ankarada hesab edirlər ki, Qəzzada atəşkəslə bağlı razılaşma müəyyən səbəblərə görə əldə edilə bilər. Atəşkəsin əldə edilməsində amerikalılar israr edirlər, danışıqlar masasına qoyulacaq mətn ABŞ-İsrail kompromisinə əsaslanır.
Qəzet iddia edir ki, HƏMAS danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir.
“HƏMAS-ın danışıqlar prosesinin iştirakçısı olmasını və onun iştirakı olmadan qərarın qəbul edilməməsini təmin etmək üçün Ankaranın göstərdiyi səyləri də unutmamalıyıq. Buna görə də Y.Sinvarın qurulmuş balansı pozmaması vacibdir”, - nəşr yazıb.