Fransanın Uşaqları Müdafiə Fondu “Telegram”ın həmtəsisçisi Pavel Durova qarşı məhkəmə istintaqına mülki iddiaçı qismində qoşulmaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti fondun direktoru Joel Sikamuanın açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunur ki, o, Fransa məhkəmə sistemi ilə birlikdə rəqəmsal platformaların daha sərt tənzimlənməsinə nail olmaq, ilk növbədə, uşaq pornoqrafiyasının yayılması ilə mübarizə və pedofiliyanın qarşısını almaq məqsədilə müvafiq qərarı verib.
“Biz “Telegram”ın mesajlaşma sistemində uşaqlara aid qeyri-qanuni məzmunun yayılmasına icazə verməsi və onun təsisçisi Pavel Durovun ədliyyə sistemi ilə əməkdaşlıqdan imtina etməsi faktını qəbul etmək istəmirik”, - Sikamua deyib.
Qeyd edək ki, sözügedən fond 2012-ci ildə Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Estenin həyat yoldaşı tərəfindən 1977-ci ildə əsası qoyulan Uşaqlıq Fondu ilə 2010-cu ildə formalaşdırılmış Uşaqların Müdafiə Fondunun birləşməsindən sonra yaradılıb.