Efiopiya ordusu ölkənin şimalında yerləşən strateji əhəmiyyətli Alamata şəhərini ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə "Agence France Presse" məlumat yayıb.
Alamata Tıqray ərazisində federal qüvvələrin ötən ay başlayan əməliyyatı nəticəsində azad edilən ilk şəhər olub.
Noyabrın 25-də Efiopiya Silahlı Qüvvələrinin federal bölmələri ölkənin şimalında Amhara və Afarda ən mühüm nəqliyyat yollarını kəsərək ölkənin paytaxtına çatmağa cəhd edən Tıqray qüvvələrinin mövqelərinə qarşı irimiqyaslı hücuma keçib. Hökumət bölmələri Amhara və Afar əyalətlərində 40-dan çox şəhərə nəzarəti bərpa edərək üsyançı qoşunları şimala, Tıqrayın inzibati sərhədinə çəkilməyə məcbur edib. Dekabrın 12-də üsyançılar əks-hücuma keçməyə çalışsalar da, nəticəsi olmayıb.