Bakı. 7 iyun. REPORT.AZ/ ABŞ Dövlət Departamentinə Hillari Klinton ölkənin dövlət katibi postunu tutan zaman (2009-2013-cü illər) köməkçilərinin ona ünvanladığı bütün məktubları yoxlamaq və dərc etmək üçün təqribən 75 il vaxt lazım olacaq.
"Report" xəbər verir ki, bu barədə idarə vəkillərinin bazar ertəsi paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya federal dairəsinin dairə məhkəməsinə göndərdikləri bəyanatda deyilir.
"Biz Dövlət Departamentinin hazırkı iş yükünü və bu sənədlərin təhlili ilə bağlı çətinlikləri nəzərə alaraq, ayda təxminən 500 səhifə hazırlaya bilərik. Belə olan halda, Şeril Millzin (Klintonun şəxsi köməkçiləri apparatının rəhbəri) məktublarının gözdən keçirilməsi üçün 16,6 il, Ceykob Sallivanın (Dövlət Departamentinin Siyasi planlaşdırma şöbəsinin rəhbəri) məktublarının oxunması üçün 33,3 il və Patrik Kennedinin (dövlət katibinin menecment məsələləri üzrə müavini) məktublarına baxmaq üçün 25 il lazımdır. Bunların hamısına birlikdə 75 il vaxt gedəcək", - deyə sənədlərdə bildirilir.
Dövlət Departamentini məkhəkəmədə təmsil edən vəkillərin sözlərinə görə, keçmiş birinci xanımın üç köməkçisinin məktublarının ümumi həcmi 450 min səhifədən ibarətdir.