Rekord sayda ABŞ vətəndaşı Britaniya vətəndaşlığı üçün müraciət edib
- 23 may, 2025
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
2025-ci ilin əvvəlində Böyük Britaniya vətəndaşlığı almaq üçün müraciət edən ABŞ vətəndaşlarının sayı rekord həddə çatıb ki, bu da Donald Trampın prezident vəzifəsinə yenidən seçilməsi ilə əlaqələndirilir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times (FT) qəzeti rəsmi statistikaya istinadən bildirib.
2025-ci ilin ilk üç ayında Britaniya vətəndaşlığı almaq üçün 1,9 mindən çox ABŞ vətəndaşı müraciət edib - bu, 2024-cü ilin dördüncü rübü ilə müqayisədə 12 % çoxdur. Hüquqşünasların sözlərinə görə, ABŞ-də siyasi qeyri-sabitlik xüsusilə də Trampın tariflər barədə bəyanatlarından sonra Böyük Britaniya vizası və vətəndaşlığı almaq üçün müraciətlərin kəskin artımına səbəb olub. "İnsanların getməsinə səbəb qorxu və məyusluq, eləcə də maliyyə və şəxsi təhlükəsizliyin olmamasıdır", - “Immigration Advice Service” hüquq firmasının direktoru Ono Okereqa bildirib.
Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin məlumatına görə, birinci rübdə amerikalıların təhsil vizası üçün müraciətlərinin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6 % artıb ki, bu da xüsusilə bakalavr kurslarına tələbatın artması ilə bağlıdır. Bu cür tendensiya Tramp və onun administrasiyasının nümayəndələrinin Harvard Universiteti və digər nüfuzlu ABŞ universitetlərinə "hücum”larından sonra müşahidə edilib.