Fransada hakim koalisiya və solçular parlament seçkilərində səslərin 25 %-ni toplayıb

Fransada hakim koalisiya və solçular parlament seçkilərində səslərin 25 %-ni toplayıb Fransada keçirilən parlament seçkilərinin birinci turunun ilkin nəticələri məlum olub
Digər ölkələr
13 İyun , 2022 02:42
Fransada hakim koalisiya və solçular parlament seçkilərində səslərin 25 %-ni toplayıb

Fransada keçirilən parlament seçkilərinin birinci turunun ilkin nəticələri məlum olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, seçkilərin birinci turunda prezident koalisiyası olan “Birlikdə” və sol qüvvələrin birliyi olan NUPES, demək olar, eyni sayda – müvafiq olaraq 25,7 və 25,6 faiz səs toplayıblar.

Toplanan səslərin sayına görə üçüncü yeri Marin Le Penin “Milli birlik” partiyası (18,7 %), dördüncü yeri isə “Respublikaçılar” partiyası (10,4 %) tutur. Erik Zemmurun “Rekonkista” partiyasının nümayəndələri 4,2 % səslə beşinci yerdə qərarlaşıb. Qalan partiya və ittifaqlar 4 %-lik həddi aşa bilməyib.

22:31

Fransada parlament seçkilərinin birinci turunda "Yeni Xalq Ekoloji-Sosial Birliyi" (NUPES) solçu koalisiyasının nümayəndələri səslərin əksəriyyətini toplayıb.

"Report" xəbər verir ki, bu barədə BFM telekanalı "Elabe" sosioloji xidmətinin səsvermə başa çatdıqdan sonra verdiyi proqnoza istinadən məlumat yayıb..

NUPES koalisiyasının nümayəndələri ilkin məlumata görə, 26,2% səs toplayıb. Əksəriyyətinin “Renessans” prezident hərəkatına məxsus olduğu “Birlikdə” hakim koalisiyasının namizədləri 25,8 faiz səs toplayıb.

20:06

Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərdə fəallıq 39,42 faiz təşkil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Seçicilərin sayı ən aşağı seçici fəallığı ilə yadda qalan 2017-ci ilə nisbətən azdır. Seçki komissiyaları seçicilərin 40,75 faizinin səsini qeydə alıb. 

Fransada seçkilərin etibarlı olması üçün minimum iştirak tələbi yoxdur. Müşahidəçilər son 30 ildə ölkə sakinlərinin sistemli şəkildə parlament seçkilərinə marağını itirdiyini qeyd edirlər.

08:26

Fransa seçiciləri prezident seçkilərindən ay yarım sonra bu gün yenidən səsverməyə gələcəklər.

"Report" xəbər verir ki, bu dəfə Beşinci Respublikanın vətəndaşları Milli Assambleyanın (parlamentin aşağı palatası) 577 deputatını seçməli olacaqlar.

İkinci müddətə seçilən Fransa Prezidenti Emmanuel Makronun həmvətənlərinə vəd etdiyi islahatların taleyi parlamentarilərin əyləşdiyi Burbon sarayında qüvvələrin uyğunlaşmasından asılıdır. Aşağı palata majoritar prinsip əsasında, həm ölkənin materik hissəsində, həm də onun xaricdəki departamentlərində yaradılan birmandatlı seçki dairələri üzrə səsvermə əsasında formalaşır.

Birinci turda qalib gəlmək üçün namizədin 50 %-dən çox səs toplaması lazımdır. Bir qayda olaraq, az sayda siyasətçi ilk dəfə belə uğur qazana bilir. Ona görə də ən yaxşı nəticə əldə etmiş iddialıların gedəcəyi seçkilərin ikinci turu artıq iyunun 19-na təyin edilib.

Birinci tura qədər əsas seçki blokları arasında fərq minimuma endirilib. “Ipsos” sosioloji xidmətinin məlumatına görə, “Birlikdə” bloku səslərin 28 %-nə, onun əsas rəqibi - Yeni Xalq Ekoloji-Sosial Birliyi isə 27 %-nə arxalana bilər.

Sosioloqların fikrincə, Le Pen tərəfdarları 19,5 % səs toplaya bilər. Hələ parlamentdə təmsil olunmayan yeni mühafizəkar “Rekonkista” hərəkatına Erik Zemmurun dəstəyi 5 %-i keçmir.

Proqnozlara əsasən, ikinci turda Makron tərəfdarları aşağı palatada 270-305 yer, Melanşonun sol alyansı - 180-210 yer, "Respublikaçılar" və "Milli birlik" hərəsi təxminən 45 mandat əldə edə bilər.

Aşağı palatada çoxluğu qazanmaq üçün siyasi bloka ən azı 289 yer lazımdır.

Son xəbərlər

Orphus sistemi