Britaniya husilərin aktivlərini dondurub və onların 4 nümayəndəsinin ölkəyə girişini qadağan edib

Digər ölkələr
  • 24 noyabr, 2026
  • 18:15
Britaniya husilərin aktivlərini dondurub və onların 4 nümayəndəsinin ölkəyə girişini qadağan edib

Böyük Britaniya regionda və Yəmənin daxilində hərbi əməliyyatların yenidən başlaması fonunda Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına və onun 4 yüksəkrütbəli nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.

"Report" Britaniya hökumətinin bəyanatına istinadən xəbər verir ki, məhdudiyyətlər Londonun qiymətləndirməsinə əsasən, Yəməndə və regionda sülh və sabitliyi pozan şəxslərə və təşkilatlara qarşı yönəlib.

Sanksiyalar "Ənsar Allah" hərəkatının aktivlərinin dondurulmasını, habelə Böyük Britaniya ilə əlaqəli şirkətlərdə rəhbər vəzifələri tutmağa qadağanı nəzərdə tutur.

Hərəkatın 4 nümayəndəsinə qarşı Böyük Britaniyaya giriş qadağası da tətbiq edilib. Onların sırasında husilərin "daxili işlər naziri" Əbdülkərim Əmir əd-Din Hüseyn əl-Husi, hərəkatın "təhlükəsizlik və kəşfiyyat xidməti"nin rəhbəri Əbdül Hakim Haşem Əli əl-Xayvani, husilər tərəfindən təyin edilmiş hakim Məhəmməd Müfləh və yüksəkrütbəli prokuror Sarim əd-Din Müffadal var. Britaniya hökumətində bildiriblər ki, ayrı-ayrı şəxslərə qarşı tədbirlər, xüsusilə də məhbuslarla amansız rəftar daxil olmaqla, insan hüquqlarının ciddi şəkildə pozulmasında ehtimal edilən iştirakla bağlıdır.

London Yəmənin beynəlxalq səviyyədə tanınmış dövlət təsisatlarına dəstəyini təsdiqləyib və ölkəyə humanitar yardımı davam etdirmək niyyətini bəyan edib. Sentyabr ayında Böyük Britaniya BMT-nin fövqəladə humanitar çağırışına 10 milyon funt-sterlinq ayrıldığını elan edib. Britaniyanın 2026-cı ildə Yəmənə göstərdiyi humanitar dəstəyin ümumi həcmi 104 milyon funt-sterlinq təşkil edir.

Bununla yanaşı, hökumətdə vurğulayıblar ki, sanksiyalar Yəmən əhalisinə deyil, husilərə qarşı yönəlib və humanitar fəaliyyətə təsir göstərmir.