BMT-nin Livandakı sülhməramlıları bölgədə fövqəladə ehtiyat planlarını işə salıb və öz mandatını davam etdirəcək.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreşin sülh əməliyyatları üzrə müavini Jan Pyer Lacroix təşkilatın Nyu-Yorkdakı qərargah binasında jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib.
BMT rəsmisi qeyd edib ki, sülməramlılar bölgədəki mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün aktiv fəaliyyət göstərir:
"Bölgədəki mandatımızı yerinə yetirmək üçün kontingent fəaliyyətini davam etdirəcək. 10 mindən artıq sülhməramlı bölgədə fəaliyyət göstərir. Təhlükəsizliyi təmin etməklə bölgədəki əməliyyatların aparılmasında qərarlıyıq. Livanın silahlı qüvvələri ilə mütəmadi əlaqədəyik və kritik vəziyyət davam edir. Baş verən hər hansı bir hadisənin qarşısını almaq əsas öhdəliyimizdir. Münaqişənin həllində diplomatik səylərin vacibliyinə diqqət çəkirik və düşünürük ki, bu səylər bölgədəki vəziyyətin normallaşmasına şərait yarada bilər", - BMT rəsmisi bildirib.