BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun (BTQ) ev sahibliyi ilə keçirilən “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfransda ötən gün Yeni Kaledoniyada Fransa polisi tərəfindən 2024-cü ilin may ayında etiraz aksiyaları zamanı öldürülən mülki şəxsin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, tədbir BTQ-nun icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilir və gün ərzində çıxışlar və müzakirələrlə davam edəcək.
Konfransda dənizaşırı ərazilər — Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sen-Marten, Reyunyon, Boneyra, Aruba, Mahoi Nui (Fransız Polineziyası) və Fransız Qvianasında fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təmsilçiləri, insan haqları müdafiəçiləri, siyasətçilər, dekolonizasiya üzrə ekspertlər, o cümlədən Fransanın keçmiş müstəmləkələrindən olan 50-dən çox nümayəndə iştirak edir.
Qeyd edək ki, bu beynəlxalq konfrans ilk dəfə BMT-nin rəsmi tədbiri kimi qeydiyyata alınıb.


