Almaniyanın Bavariya vilayəti COVID-19 əleyhinə aşılanmış və xəstəlikdən sağalmış şəxslər üçün mayın 6-dan etibarən karantin məhdudiyyətlərini ləğv etmək niyyətindədir.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu bölgənin rəhbəri Markus Zöder bu gün keçirilmiş mətbuat konfransında açıqlayıb.
Aşılanmış və sağalmış şəxslər qohumları və dostları ilə sərbəst görüşə biləcəklər, onların komendant saatına riayət etmələri, müəssisələrə və mağazalara gedərkən koronavirus testinin nəticələrini göstərmələri lazım deyil.
Lakin saat 22:00-dan 05:00-dək ümumi komendant saatı qüvvədə qalacaq.
Bavariyanın müəyyən bir bölgəsində və ya şəhərində 7 gün ərzində yoluxmuş insanların sayı 100 min əhali üçün 100-dən çox olmasa, açıq havada restoranların və mədəniyyət müəssisələrinin açılması mümkün olacaq. Lakin bu halda sosial məsafəyə riayət etmək və qoruyucu maskalardan istifadə etmək vacibdir.
Almaniyanın federal hökuməti COVID-19-a qarşı peyvəndlənmiş və xəstəlikdən sağalmış şəxslər üçün karantini güman ki, qarşıdan gələn həftə sonu bütün ölkə üzrə yumşaltmaq niyyətindədir.