Azərbaycanlı rəssamın Riqadakı sərgisi ziyarətçiləri şərq motivləri ilə sevindirib

Azərbaycanlı rəssamın Riqadakı sərgisi ziyarətçiləri şərq motivləri ilə sevindirib Latviyanın paytaxtı Riqa şəhərindəki Yuqenstil Muzeyində məşhur azərbaycanlı batik rəssamı İnna Kostinanın sərgisi başa çatıb.
Digər ölkələr
5 Dekabr , 2022 19:37
Azərbaycanlı rəssamın Riqadakı sərgisi ziyarətçiləri şərq motivləri ilə sevindirib

Latviyanın paytaxtı Riqa şəhərindəki Yuqenstil Muzeyində məşhur azərbaycanlı batik rəssamı İnna Kostinanın sərgisi başa çatıb.

“Report”un Baltikyanı bürosunun məlumatına görə, sərgi uğurla keçirilib.

Muzeyin direktoru Aqrita Tipanenin sözlərinə görə, “Abşeronun ipək qanadları” adlı sərgi Riqa sakinləri və paytaxtın qonaqlarında böyük maraq doğurub.

“Azərbaycanlı rəssamın çəkdiyi Bakının gözəl mənzərələri sərgiyə gələnləri şərq ab-havasına salır ki, bu da çox maraqlı və qeyri-adidir”, - deyən A.Tipane İ.Kostinanın Riqaya səfəri zamanı sərgidə qonaqlara və muzeyin əməkdaşlarına Azərbaycanın mədəni ənənələrindən danışdığını qeyd edib.

Muzeyin direktoru İ.Kostinanın ən yaddaqalan əsərlərindən biri kimi zərdüştiliyin müqəddəs quşu olan mifik Simurqla çəkilmiş batikləri göstərib.

İ.Kostina Azərbaycanın əməkdar rəssamı, bir çox yerli və beynəlxalq müsabiqələrin laureatı, 250-dən çox müxtəlif sərgilərin iştirakçısıdır. O, batik texnikasından istifadə edərək ipək boyama üzrə mütəxəssis kimi tanınır.

A.Tipanenin sözlərinə görə, sərginin tərtibatında rəssam şəxsən iştirak edib.

Muzeyin direktoru onu da vurğulayıb ki, sərgidə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş məşhur Azərbaycan kəlağayıları da nümayiş etdirilir. Kəlağayı — Azərbaycan qadınlarının ipəkdən hazırlanmış kvadrat formalı baş örtüyüdür.

“Xanım Kostina bizə bu gözəl yaylıqlar - Azərbaycan sənətkarlıq sənətinin bir hissəsi və onlarla bağlı adət-ənənələr haqqında məlumat verdi”, - A.Tipane bildirib.

“XX əsrin əvvəllərində Latviyadakı repressiyalardan sonra Latviya ziyalılarının bir çoxu Bakıda öz yeni evlərini tapıblar. Ola bilsin ki, növbəti birgə layihəmizdə o dövrün Latviya icmasının nümayəndələri haqqında məlumat verə bildik”, - deyən A.Tipane sərginin təşkilində göstərdiyi köməyə görə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanova minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi