Rusiyanın Avropa ölkələrinə mayeləşdirilmiş təbii qaz (MTQ) ixracı 2024-cü ildə rekord həddə – 24,2 milyard kubmetrə çatıb.
“Report” “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Norveçin “Rystad Energy” konsaltinq şirkəti məlumat yayıb.
Şirkətin hesablamalarına görə, bu göstərici 2023-cü illə müqayisədə təxminən 12 % artıb. Başqa hesablama metodologiyasından istifadə edən “Crea” analitik mərkəzi isə tədarükün 14 % artdığını bildirib.
Ötən həftə Avropanın “Bruegel” analitik mərkəzi Rusiya MTQ-sinin Avropa İttifaqı ölkələrinə tədarükünün əvvəlki ildəki 17,8 milyard kubmetrlə müqayisədə 21,5 milyard kubmetrə çataraq 21 % artdığını açıqlayıb.
“Rystad Energy”nin məlumatına görə, ötən il Avropa ölkələri həmçinin 49,5 milyard kubmetr Rusiya boru kəməri qazı alıb. Şirkətin analitiki Yan-Erik Fenrix qeyd edib ki, bu həcmin bir hissəsi sonradan digər ölkələrə yenidən satılıb.
“Göstəricilərin artmasının səbəbi yetərincə sadədir. Rusiya MTQ-si digər təchizatçıların təklifləri ilə müqayisədə endirimlə satılır. MTQ-yə qarşı sanksiyaların olmaması səbəbindən şirkətlər ən aşağı qiymətləri təklif edən təchizatçıdan əhəmiyyətli həcmdə qaz alaraq öz mənfəətlərini güdürlər”, – “Crea” analitiki Vaibhav Raqunandan “The Guardian”a söyləyib.