BMT-nin Baş katibi Antonio Quterreş dünyadakı bütüb silahlı münaqişə tərəflərini 100 gün ərzində atəşkəsə çağırıb.
“Report” xəbər verir ki, BMT Baş Assambleyasının kürsüsündən söylədiyi nitqi zamanı təşkilat rəhbəri bununla bağlı bildirib:
“Hələ pandemiya başlayanda mən dünyada atəşkəsə çağırmışdım. Bu gün də mən beynəlxalq birliyi bu çağırışı ilin sonunadək həyata keçirmək üçün yeni səylər göstərməyə çağırıram. Bizim düz 100 gün vaxtımız var... Pandemiya dövründə münaqişə qalibi yalnız virus ola bilər”.
A.Quterreş mart ayındakı çağırışını BMT-nin 180 üzv ölkəsi, dini liderlər, regional tərəfdaşlar, vətəndaş cəmiyyətləri fəalları tərəfindən dəstəkləndiyini dilə gətirib: “Həmçinin Kamerunda, Kolombiyada, Filipində və s. ölkələrdə bir sıra silahlı hərəkatlar da bu çağırışa cavab verib. Hərçənd onların elan etdikləri atəşkəsə bəzi hallarda əməl olunmadı. Çünki bunun qarşısında dərin etimadsızlıq, pozucu qüvvələr, uzun illərdir davam edən mübarizənin ağır mirası kimi böyük əngəllər durur”.
Bütün bunlara baxmayaraq, hələ də ümidini itirmədiyini qeyd edən BMT baş katibi əlavə edib: “Sülhə, barışığa nail olmaq üçün yeni toplu səylər göstərməyin vaxtıdır. Mən Təhlükəsizlik Şurasının rəhbərliyi ilə bu ilin sonunadək dünyada atəşkəsə nail olmaq üçün beynəlxalq səyləri artırmağa çağırıram”.