Almaniyada güclü külək ağacı aşırıb, üç nəfər ölüb
- 05 aprel, 2026
- 21:09
Almaniyanın şimalındakı Satrupholmda (Şlezviq-Qolşteyn federal əyaləti) güclü külək zamanı 30 metrlik ağacın bir qrup insanın üzərinə aşması nəticəsində üç nəfər həlak olub.
"Report" bu barədə yerli "Bild" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, insident Mittelangeln bələdiyyəsi ərazisindəki meşəlik massivdə baş verib. Polisin bildirdiyinə görə, yaxınlıqdakı "SterniPark" yaşayış kompleksinin təxminən 50 sakini və işçisi meşədə ənənəvi Pasxa yumurtası axtarışı keçirərkən ağac onların üzərinə aşıb.
Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları, həmçinin iki xilasedici helikopter cəlb edilib. Dörd nəfər aşan ağacın altında qalıb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu zaman iki nəfər hadisə yerində dünyasını dəyişib, həyatı üçün təhlükəli xəsarətlər alan 10 aylıq körpə isə təcili olaraq helikopterlə Kil klinikasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Daha bir nəfər ağır xəsarət alıb və əməliyyat olunub, digərlərinin xəsarətləri isə yüngül olub.
Almaniyanın şimalında fırtına xəbərdarlığı qüvvədədir. "Bild" qeyd edir ki, daha əvvəl küləyin sürətinin 55-dən 75 km/saat-adək olacağı barədə xəbərdarlıq edilib.