Avropa İttifaqı (Aİ) insan hüquqlarının pozulmasına görə İrana qarşı sanksiyaları genişləndirərək, daha 32 fiziki və 2 hüquqi şəxsi qara siyahıya əlavə edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Aİ-nin rəsmi jurnalı"nda deyilir.
“Aİ-nin İranı narahat edən bütün məsələləri, o cümlədən insan hüquqları ilə bağlı vəziyyəti həll etmək öhdəliyinə uyğun olaraq, 32 fiziki və 2 hüquqi şəxs barələrində məhdudlaşdırıcı tədbirlər tətbiq edilən fiziki və hüquqi şəxslər, təşkilatlar və qurumlar siyahısına daxil edilməlidir”, - məlumatda deyilir.
Qara siyahıya daxil edilən şəxslər arasında məmurlar, təhlükəsizlik qüvvələrinin təmsilçiləri, məhkəmə və penitensiar sistemlərin nümayəndələri da var. Hüquqi şəxslər polis və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi ilə əlaqəsi olan strukturlardır.
Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin Rusiyaya qarşı qəbul ediləcək sanksiyalarının onuncu paketi çərçivəsində fevralın 24-də İrana qarşı ayrıca sanksiyalar bloku tətbiq etmək niyyətində olduğunu bəyan edib. Bu siyahıya İrandan Rusiyaya hərbi silah-sursat tədarükü ilə əlaqəsi olan hüquqi və fiziki şəxslərin daxil ediləcəyi gözlənilir.