ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya prezidenti Vladimir Putinin Birləşmiş Ştatların dövlət başçısı Co Baydenin sammitə səfər dəvətini qəbul etməsi barədə heç nə bilmir.
“Report” xəbər verir ki, bu barədə CNN bildirib.
"Bilmirəm, o (dəvət-red) rəsmi qəbul edilib ya yox, amma biz bu barədə danışırıq, mümkün görüşün tarixi haqqında", - Blinken deyib.
Daha əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün brifinqdə Vladimir Putin və Co Baydenin 15-16 iyunda mümkün görüşü haqqında informasiyanın həqiqətə uyğun olub-olmadığı barədə suala cavabında bildirib ki, Rusiya-Amerika sammitinin vaxtı hələ təsdiqlənməyib.
Bundan əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenlə Putinin mümkün görüşü haqqında informasiyanı şərh edib.
Eyni zamanda Vladimir Putinin köməkçisi Yuri Uşakov da bildirib ki, Rusiya və Amerika liderlərinin görüşü iyunda ola bilər.
ABŞ prezidenti Co Bayden isə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüş üçün ilkin şərtləri irəli sürüb-sürməyəcəyi barədə suala cavab verməkdən imtina edib.