Bu gün ABŞ-da Konqresə növbəti seçkilər keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, səsvermələrin nəticələrinə əsasən, ABŞ-ın 118-ci Konqresinin tərkibi müəyyən ediləcək.
Amerika xalqı 100 üzv olan Senatın 35 faizinin və 435 yerlik Nümayəndələr Palatasının bütünlüklə yenidən seçilməsi üçün səsvermədə iştirak edib.
Əməkdaşımız Nyu-Yorkun bir neçə seçki məntəqəsini ziyarət edərək səsvermənin gedişatını izləyib. Müşahidələrimiz zamanı məntəqələrdə seçicilərin səsvermədə iştirakı üçün hər cür şəraitin yaradıldığının, nəzarət kameralarının quraşdırıldığının şahidi olduq. Nyu-York, Pensilvaniya, Merilend və Virciniya ştatlarında seçki mərkəzlərində seçicilərin aktivliyi nümayiş olunub, məntəqələrin önündə uzun növbələr yaranıb.
ABŞ-da yaşayan türk icmalarının nümayəndələrinin bütün diqqəti seçkilərdə qalib gələcəyi halda Konqresə gedəcək ilk türk və müsəlman namizəd, uzun illərdir ABŞ-da yaşayan həkim Mehmet Özə yönəlib. O, ABŞ Senatında kimin dominant olacağını müəyyən edəcək mühüm əyalətlərdən biri olan Pensilvaniya ştatından namizədliyini irəli sürüb. Bu səbəbdən də ABŞ-da yaşayan soydaşlarımız Pensilvaniyadakı gərgin yarışın nəticəsi yaxından izləyirlər.
Respublikaçılar Partiyasının namizədi olan M.Özün demokrat rəqibi Con Fetterman son bir həftədə ondan bir xal qabaqda olduğunu nümayiş etdirib. Bu gün veriləcək səslər məhz bu yarışın çoxdan gözlənilən nəticəsini müəyyən edəcək.
Artıq bir neçə aydır ki, ABŞ-dakı erməni icmasının hədəfinə çevrilən M.Özün əleyhinə etiraz aksiyaları bu gün də (dünən - red) davam edib. Ermənilər yerli mediada da onun əleyhinə çıxıblar.
Qeyd edək ki, bu gün ABŞ-da keçirilən seçkilərdə Konqres üzvlərini ilə yanaşı, əyalət və yerli idarəetmə orqanlarında da vəzifə sahibləri müəyyənləşəcək.