Bakı.10 dekabr. REPORT.AZ/ 2015-ci ildə ABŞ xaricdə keçirəcəyi hərbi əməliyyatlara və ya terrorçuluğa qarşı mübarizəyə 73,7 milyard dollar xərcləməyi nəzərdə tutub.
"Report" "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu rəqəm gələn ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb.
Dekabrın 9-da gecə saatlarında bu layihə konqresdə respublikaçılar və demokratlar tərəfindən razılaşdırılsa da, dekabrın 11-də Senatda səs verməyə çıxarıla bilər.
Büdcə layihəsində müdafiə və ona bağlı sahələr üçün 521 milyard dollar vəsait nəzərdə tutulub. Başqa qurumlarla müqayisədə ən çox Müdafiə Nazirliyinin maliyyə vəsaitinin artacağı gözlənilir. Bu nazirlik üçün 490,2 milyard dollar vəsaitin ayırılması nəzərdə tutulub. Göstərilən rəqəm cari ilin büdcəsindəkindən 3,3 milyard dollar artıqdır.
Büdcə layihəsində "İraq Şam İslam Dövlət"inə qarşı mübarizəyə 3,4 milyard dollar maliyyə vəsaitinin ayrılması planlaşdırılıb.
Ötən illə müqayisədə xarici yardımda 3 milyard dollar artımın olacağı gözlənilir.
Ebola xəstəliyinə qarşı mübarizə üçünsə, 5,4 milyard dollar ayrılacağı ehtimal edilir. Bunun bir hissəsi Afrika dövlətlərinə yardım kimi veriləcək, qalanının isə ABŞ-ın Səhiyyə Nazirliyi xətti ilə xərclənməsi nəzərdə tutulub.
ABŞ Milli Kosmik Agentliyi (NASA) büdcəsinin 400 milyon dollar artırılaraq, 18 milyard dollara çatdırılması gözlənilir. Onun 4,4 milyard dolları çoxisifadəli "Orion" kosmik gəmisi proqramının gerçəkləşdirilməsinə xərclənək.
ABŞ Vergi Xidmətinin büdcəsi isə dövlətin başqa orqanları ilə müqayisədə ən ciddi şəkildə ixtisar edilə bilər. Onun üçün ayrılan maliyyə vəsaitinin 346 milyon dollar azaldılaraq, 10,9 milyard dollar təşkil edəcəyi nəzərdə tutulub.