Yerusəlimdə Azərbaycan-İsrail diplomatik münasibətlərinin 30 illiyi münasibətilə konsert keçirilib

Yerusəlimdə Azərbaycan-İsrail diplomatik münasibətlərinin 30 illiyi münasibətilə konsert keçirilib Yerusəlim (Qüds) şəhərindəki Rubin adına Musiqi və Rəqs Akademiyasında Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş konsert keçirilib.
Diaspor
1 Avqust , 2022 12:58
Yerusəlimdə Azərbaycan-İsrail diplomatik münasibətlərinin 30 illiyi münasibətilə konsert keçirilib

Yerusəlim (Qüds) şəhərindəki Rubin adına Musiqi və Rəqs Akademiyasında Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş konsert keçirilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının birgə dəstəyi ilə baş tutan konsertdə İsrail Opera Teatrının solisti Kameliya İoffe, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Rza Xosrovzadə çıxış ediblər. Vokalçıları fortepianoda Ukraynanın əməkdar artisti, pianoçu Yevgeni Kosovski müşayiət edib.

Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayev, Ukrayna bəstəkarı Mikola Lısenko, İtaliya bəstəkarı Rudolfo Falvo, Avstriya və macar bəstəkarı Frans Leqarın əsərləri səsləndirilib.

Tamaşaçılar vokalçıların çıxışını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, İsrailə səfəri çərçivəsində azərbaycanlı vokalçı Rza Xosrovzadə Yerusəlimdə keçirilən opera müğənnilərinin beynəlxalq müsabiqəsində və Yay Opera Festivalında iştirak edib. Beynəlxalq müsabiqədə III yeri tutan sənətçimiz festivalın final məhrələsində Antonin Dvorjakın “Su pərisi”, Cakomo Puççininin “Toska” və Volfqanq Amadey Motsartın “Cosi Fan tutte” (“Onlar hamısı belə edir”) tamaşalarında 3 əsas rolu ifa edib. Rza Xosrovzadə israilli həmkarı Kameliya İoffe ilə birlikdə “Su pərisi” operasında çıxış edən aktyor heyətinin birinci tərkibində rol alıb. Festival İsrailin dövlət radiosu ilə birbaşa yayımlanıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində Kameliya Qonçarova-İoffe “Tərəqqi” medalı ilə təltif edilib. Bu mükafata o, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi