Türkiyədəki Azərbaycan diasporu zəlzələdən zərərçəkənlərə yardım edib

Türkiyədəki Azərbaycan diasporu zəlzələdən zərərçəkənlərə yardım edib Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər.
Diaspor
11 Fevral , 2023 10:18
Türkiyədəki Azərbaycan diasporu zəlzələdən zərərçəkənlərə yardım edib

Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) 9 min manat (100 000 TL) nağd vəsaiti zərərçəkənlərə yardım fonduna köçürüb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu nəzdindəki Azərbaycan Evi Azərbaycandan, Türkiyədən və Avropa ölkələrindən toplanan 2 yük maşını humanitar yardımı zəlzələ bölgəsinə çatdırıb.

Ankarada fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi, “Azaflı” Hüquq və Konsaltinq şirkəti zəlzələ bölgəsinə 40 000 manat (450 000 TL) dəyərində 1 TIR humanitar yardımı və 6 çadır göndərib. Eyni zamanda 30 nəfərlik 3 könüllü axtarış-xilastemə qrupu yaradılıb. Bu qrup tərəfindən zəlzələ bölgəsində 20 nəfər sağ çıxarılıb, 50-dən çox şəxsin isə meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

İstanbulda azərbaycanlı Elşən Rəsulovun rəhbərlik etdiyi “ARS” və “Unixpadel” idman təsisatları və qurğuları şirkəti 153 500 manat (1 700 000 TL) dəyərində 3 TIR içməli suyu və 2 TIR humanitar yardımı zəlzələ bölgəsinə göndərib. Xilasetmə işlərində istifadə olunmaq üçün 3 ekskvator, 1 ədəd qreyder və 2 yükqaldırıcını icarəyə götürüb. Şirkətin Adıyamandakı fabrikində 500 nəfər zərərçəkənin yerləşdirilməsi təmin olunub.

Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən 2 700 manat (30 000 TL) dəyərində uşaq bezləri, isti geyim, yataq, 40 cüt ayaqqabı, quru yeməklər, uşaq yeməkləri və uşaq paltarlarından ibarət mallar toplanaraq zəlzələ bölgəsinə yola salınıb.

Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 270 manat (3 000 TL) köçürüb, zəlzələ bölgəsinə 5 400 manat (60 000 TL) dəyərində humanitar yük göndərib.

İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyi AFAD-ın hesabına 9 000 manat (100 000 TL) vəsait köçürüb.

İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycan Kültür Evi zərərçəkənlərə yardım fonduna 900 manat (10 000 TL) vəsait köçürüb, zəlzələ bölgəsinə 27 000 manat (300 000 TL) dəyərində 1000 ədəd adyal göndərib.

Hatay Azərbaycan Evi Osmaniyə şəhərində zəlzələdən zərər çəkmiş 5 azərbaycanlı ailəyə gündəlik zəruri ehtiyaclarının qarşılanması üçün humanitar yardım göndərib.

İstanbulda fəaliyyət göstərən İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 1 700 manat (1000 ABŞ dolları) vəsait köçürüb, 5 100 manat (3 000 ABŞ dolları) dəyərində isti geyim, ərzaq, gigiyena və tibbi ləvazimatları zəlzələ bölgəsinə göndərib.

Ankarada fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutu, eləcə də Güney Azərbaycan və Qaşqay türkləri 1 800 manat (20 000 TL) dəyərində olan ərzaq, isti geyim, dərman və tibbi ləvazimatları zəlzələnin episentri olan Kahramanmaraş vilayətinə yollayıb.

İğdır Vəqfi isə 2 700 manat (30 000 TL) maddi vəsaiti AFAD-ın İğdır şöbəsinin bank hesabına köçürüb, 1000 ədəd palto və 1000 ədəd çəkmədən ibarət humanitar yardımı zəlzələ bölgəsinə göndərilmək üçün Ankara Böyükşəhər Bələdiyyəsinə təhvil verib.

Son xəbərlər

Orphus sistemi