Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Respublikasının müstəqilliyinin 105, Ümummilli Lider Heydər Əliyevin isə 100 illik yubileyi münasibətilə konsert keçiriləcək.
"Report"un əməkdaşı xəbər verir ki, "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir mayın 26-da yerli vaxtla saat 18:30-da başlayacaq.
Konsertdə bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı, Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinin məzunu Abuzər Manafzadə və həyat yoldaşı, vokalist Karen Danger-Manafzadə; vokalist Leyla Rəhimova; Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tam orta məktəbinin məzunu, respublika və beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanova; sopranoçu Dərya Hüseynova; Tatyana Qasımova çıxış edəcək.
Qeyd edək ki, tədbirdə Estoniya Parlamentinin üzvlərinin, Tallin şəhər rəhbərliyinin, Mədəniyyət Nazirliyi nümayəndələrinin, milli azlıqların təmsilçilərinin və KİV nümayəndələrinin iştirakı gözlənilir.