Niderlandın Haaqa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə aksiyalar keçirilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Aksiyalar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland parlamenti və Ermənistanın Haaqadakı səfirliyi qarşısında baş tutub. Aksiyalarda Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti də iştirak edib.
Üç saatdan çox davam edən aksiyalar zamanı 30 ağ stulun üzərində “Xocalıya Ədalət!” şüarı yazılmış posterlər nümayiş olunub və Xocalı soyqırımının ildönümləri rəqəmlərlə (1-dən 30-dək) göstərilib. Ağ rəng Niderlandda matəm və etiraz rəmzi olduğu üçün aksiyaçılar bu vasitə ilə Niderland parlamentindən Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsini tələb ediblər. Ermənistan səfirliyinin önündə isə Xocalı soyqırımının bəşəri cinayət olduğuna diqqət cəlb edilib.
Bundan başqa, Azərbaycan icması növbəti dəfə Xocalı soyqırımının tanınması məqsədilə petisiya imzalayaraq Niderland parlamentinə və müvafiq dövlət qurumlarına ünvanlayıb.
Aksiyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən gerçəkləşdirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində baş tutub.