Sosial Tədqiqatlar Mərkəzi (STM) Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin siyasi lider kimi şəxsi keyfiyyətlərinə vətəndaşların münasibətini öyrənmək üçün rəy sorğu keçirib.
“Report” xəbər verir ki, sorğunun nəticələrini dekabrın 24-də keçirdiyi mətbuat konfransında mərkəzin İdarə Heyətinin sədri, deputat Zahid Oruc açıqlayıb.
44 gün davam edən II Qarabağ müharibəsi dövründə əhalinin mütləq əksəriyyəti (81,6 %) Prezidentdə yeni şəxsi keyfiyyətlər müşahidə edib.
Prezidentdə yeni şəxsi keyfiyyətlər müşahidə etdiyini deyənlərin 87,3 %-nin Prezidentə etibarı artıb.
Təxminən hər 5 nəfərdən birində Prezident barədə hər hansısa fikir dəyişikliyi müşahidə edilməyib. Bununla yanaşı, fikirlərində heç bir dəyişiklik olmadığını (18,2 %) deyənlərin 74,8 %-nin Prezidentə etibarı artıb.
81,6 % respondentin nəzərində əsasən iki dəyişiklik önə çıxır. Belə ki, təxminən 70,0 % respondent müharibə nəticəsində Prezidenti xalqa yaxın və xalqın fikrini dəyərləndirən insan kimi tanıdığını bildirib. 67,3 % isə Prezidentin timsalında Heydər Əliyev kimi milli lider nümunəsini gördüyünü bildirib.
Respondentlərin 29,8 %-i Ali Baş Komandanın Vətən müharibəsindəki xidmətlərinin xüsusi adla qiymətləndirilməsinin tərəfdarı olduğunu bildirib. Sorğuda iştirak edənlərin 1/3-nin bu mövqedən çıxış etməsi onu göstərir ki, ictimaiyyət arasında məhz Ali Baş Komandan üçün xüsusi adın təsis olunmasının tərəfdarları çoxdur.
Rəyi soruşulanların 27,9 %-i Ali Baş Komandanın Vətən müharibəsindəki xidmətlərinin yüksək qiymətləndirilməsini istədiklərini bildiriblər. Lakin bu respondentlər qiymətləndirilmənin necə edilməsi ilə bağlı konkret təklif bildirməyiblər.