Bakı. 23 mart. REPORT.AZ/ Martın 21-i Rusiya Federasiyası Komi Respublikasının Uxta şəhər Mədəniyyət sarayında respublika üzrə Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə Novuz Bayramı qeyd olunub.
Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə qurumun sədri Həsən Qasımov və təşkilatın fəalları, Uxta şəhər şurası sədri Roman Melnik, administrasiya rəhbəri İqor Mixel, yerli diaspora təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edib.
Bayram tədbirində qonaqlara Novruz bayramının əsas simvolları olan milli şirniyyat növləri təqdim olunub, bayram günlərində həyata keçirilən adətlər barədə məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Həsən Qasımov Novruz bayramının əhəmiyyətindən danışıb.
"Novruz xalqımızın ən əziz və qədim bayramıdır. Bu günü yaşatmaq və gələcək nəsillərə ötürmək birbaşa milli-mənəvidəyərlərimizi sadiqliyin göstəricisidir. Bizim əsas amalımız Vətəndən uzaqda milli özünüdərkin qorunmasına xidmət etmək və adət-ənənələrimizi yaşatmaqdır”, - deyə sədr bildirib.
Daha sonra Uxta şəhər şurası sədri Roman Melnik çıxış edərək Komidə yaşayan bütün xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını qeyd edib.
Bayram tədbirində təhsil, idman, mədəniyyət sahələrində uğur qazanmış Komidə yaşayan azərbaycanlı uşaq və gənclərə təşkilat adından müxtəlif diplom və hədiyyələr verilib. Novruz tədbiri konsert proqramı ilə davam edib.
Xatırladaq ki, Komi Respublikasında Azərbaycan cəmiyyəti 1998-ci ildən aktiv fəaliyyət göstərir.