Gürcüstan Prezidentinin keçmiş müşaviri: “Heydər Əliyevin sözləri vəzifədə yüksəlməyimdə mühüm rol oynadı”

Gürcüstan Prezidentinin keçmiş müşaviri: “Heydər Əliyevin sözləri vəzifədə yüksəlməyimdə mühüm rol oynadı” "Rusiyanın Sankt-Peterburq şəhərində hüquq üzrə ali təhsili alıb Gürcüstana yeni qayıtmışdım. Ulu Öndər Heydər Əliyevlə görüş də elə həmin ərəfəyə təsadüf etdi. Görüşdə Ulu Öndərin mənə dedikləri qulağımda sırğa oldu. Görüşdən sonra daha çox çalışdım və t
Diaspor
12 Dekabr , 2023 13:45
Gürcüstan Prezidentinin keçmiş müşaviri: “Heydər Əliyevin sözləri vəzifədə yüksəlməyimdə mühüm rol oynadı”
Mübariz Qarayev

"Rusiyanın Sankt-Peterburq şəhərində hüquq üzrə ali təhsil alıb Gürcüstana yeni qayıtmışdım. Ulu Öndər Heydər Əliyevlə görüş də elə həmin ərəfəyə təsadüf etdi. Görüşdə Ulu Öndərin mənə dedikləri qulağımda sırğa oldu. Daha çox çalışmağa başladım və tale elə gətirdi ki, Gürcüstan Prezidentinin müşaviri vəzifəsinə qədər yüksəldim. İndi də çox sevinirəm ki, Ulu Öndər Heydər Əliyevlə görüşmüşəm".

Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstanda fəaliyyət göstərən "Şəffaf Qafqaz" Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri Mübariz Qarayev deyib.

Onun sözlərinə görə, Ümummilli Liderlə o vaxtki görüş yolunu açıb, sözləri ona stimul verib: "2000-ci ilin martında "Qırmızı körpü"də bayram tədbiri keçirilirdi. Ulu Öndər Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze tədbirdə iştirak edirdi. "Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov və professor Valeh Hacıyev Azərbaycan icmasının fəal gənclərindən biri kimi mini özləri ilə birgə bu tədbirə aparmışdılar.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Heydər Əliyev hamı ilə görüşdü. Mənə çatanda soruşdu ki, "Cavan oğlan sən kimsən, nə işlə məşğulsan?" Cavab verdim ki, Sankt-Peterburqda hüquq üzrə ali təhsil almışam və hazırda azərbaycanlıların inteqrasiyası ilə bağlı QHT yaratmışam. Mənə baxıb dedi: “Oğlum, çox doğru yoldasan. Çalışın gəncləri inkişaf etdirin. Siz, Gürcüstan vətəndaşlarısınız. Bura sizin vətəninizdir. Çalışın gəncləri təhsilə cəlb edin. Buranın dilini, mədəniyyətini mükəmməl öyrənin. Çalışın QHT-lərin də sayını artırın. Biz də çalışaq ki, sizə köməklik göstərək. Çünki, həyata keçirdiyimiz bütün layihələr sizin üçün nəzərdə tutulub. Nə qədər çox gəncimiz ali təhsil alsa və gürcü dilini bilsə, o qədər də çox inteqrasiya edəcəksiniz".

M.Qarayev deyir ki, Ulu Öndərin həmin vaxt dediyi sözlər indi də aktuallığını qoruyub saxlayır: “Heydər Əliyev çox uzaqgörən və mükəmməl bir insan idi. Onunla söhbətdən sonra QHT rəhbəri kimi, fəaliyyətimi daha da genişləndirdim, milli azlıqların təhsil, inteqrasiya problemlərinin həlli ilə məşğul oldum. Bütün bunlar isə mənim Gürcüstan Prezidenti Administrasiyasında yüksək vəzifə tutmamda mühüm rol oynadı, fəaliyyətimə görə Gürcüstanın "Şöhrət" ordeni ilə təltif edildim".

Onun sözlərinə görə, fəaliyyətini Ulu Öndər Heydər Əliyevin tövsiyələri əsasında qurub və Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində çalışıb: "2008-ci ildə Prezidentin milli azlıqların məsələləri üzrə müşaviri təyin olundum. Bu vəzifədə çalışdığım müddətdə də soydaşlarımızla bağlı məsələ daim diqqətimdə olub. Həmin dövrdə administrasiyada Təhsil Nazirliyi ilə birlikdə milli azlıqların normal ali təhsil almaları üçün “1+4” proqramı hazırlanırdı. Mən də layihənin hazırlanmasında fəallıq göstərirdim, İşçi qrupun üzvü idim. Heydər Əliyevin “gənclərin gürcü dilini öyrənmələrinə, təhsil almalarına köməklik göstərin” sözlərini unutmuram. Ona görə də bu proqramın həyata keçməsinə çalışırdım və sonda da bacardıq. Bu da soydaşlarımızın bu gün də gürcü dilini öyrənmələrində, ali təhsil almalarında mühüm rol oynayır”.

Mərkəz rəhbəri bildirib ki, “1992-ci ildən 2003-cü ilə qədər Gürcüstanda barmaqla sayılacaq qədər ali təhsilli azərbaycanlı gənc var idi. Gürcü dilini bilənlər də çox az idi. Lakin sonradan bu rəqəm artmağa başladı və bu gün Gürcüstanda ali təhsil alan və ali təhsilli minlərlə gəncimiz var. Onlar parlamentdə, dövlət qurumlarında, bələdiyyə və digər strukturlarda, özəl sektorda çalışırlar.

M.Qarayev vurğulayıb ki, Ulu Öndər müasir Azərbaycan dövlətinin memarı və qurucusudur və bütün dünyada olduğu kimi Gürcüstanda da Heydər Əliyevi çox sevirlər: “Burada yaşayan azərbaycanlıların bugünkü inteqrasiyasında, gənclərimizin dövlət və hökumət orqanlarında təmsil olunmalarında, özəl sektorda çalışmalarında dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük rolu olub. Çünki o, Gürcüstanda bizim üçün gənclər siyasətinin əsasını qoyub”.

Qeyd edək ki, Mübariz Qarayev 1970-ci il mayın 15-də Gürcüstanın Kvemo Kartli bölgəsinin (Qarayazı mahalı) Qardabani rayonunun Candar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Sankt-Peterburq şəhərində ali hüquq təhsili alıb.

Təhsilini başa vurduqdan sonra Sankt-Peterburqda vəkillik fəaliyyəti ilə məşğul olub. 1998-ci ildə Gürcüstana qayıdan M.Qarayev 1998-2000-ci illərdə azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə hüquq-mühafizə orqanlarında çalışıb.

2008-2013-cü illərdə sabiq Prezident Mixeil Saakaşvilinin aparatında milli azlıqların məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi