Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” mədəniyyət mərkəzinin “Weill” konsert salonunda VIII “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin qala-konserti keçirilib.
"Report" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Florida ştatında fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və assosiasiyanın nəzdindəki Təhsil və mədəniyyət məsələləri üzrə komitənin rəhbəri Pərvin Muradovun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə DİDK-nın, ölkəmizin ABŞ-dakı səfirliyinin və BMT-dəki nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.
Öncə Azərbaycan və ABŞ-ın Dövlət himnləri səsləndirilib. Tədbir iştirakçılarını salamlayan “Florida Keys” müsabiqəsinin direktoru Pərvin Muradov bildirib ki, bu il ölkəmizdə və dünyada müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilir. “Florida Keys” müsabiqəsi bu mühüm hadisəni nəzərə alaraq qala-konserti ulu öndərin yubileyinə həsr edib.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev uzun illər ABŞ-da maraqlı musiqi yarışması təşkil etdiklərinə görə Pərvin Muradov və Töhfə Eminova başda olmaqla “Florida Keys” müsabiqəsinin komandasına, münsiflər heyətinə, musiqiçilərə, müəllimlərə və valideynlərə minnətdarlığını bildirib.
“Bildiyiniz kimi, builki qala-konsert Azərbaycanın dahi şəxsiyyəti, Azərbaycan mədəniyyətinin və musiqisinin böyük dəstəkçisi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Əminik ki, ulu öndər də bütün Azərbaycan xalqı kimi bu tədbirin təşkilinə görə qürur duyur. Onun ruhu şaddır”, - deyə sədr müavini vurğulayıb.
“Carnegie Hall” kimi məşhur mədəniyyət ocağında çıxış etmək şərəfinə nail olmuş qalibləri təbrik edən sədr müavini müsabiqədə iştirak etmiş bütün gənclərə uğurlar arzulayıb.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev də çıxış edib.
Sonra “Florida Keys” müsabiqəsinin finalçıları Azərbaycan və dünya klassik bəstəkarlarının əsərlərini ifa ediblər. Konsert proqramında xalqımızın dahi şəxsiyyəti Heydər Əliyevin çox sevdiyi “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı və əfsanəvi bəstəkar-müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.
Tədbir müxtəlif nominasiyalar üzrə müsabiqənin qaliblərinin elan edilməsi, onlara diplom və mükafatların təqdim olunması ilə yekunlaşıb.
Qaliblər arasında Azərbaycan, ABŞ, Almaniya, İsrail və Gürcüstan kimi ölkələri təmsil edən musiqiçilər olub.
Builki qalibləri Türkiyənin Ərzrum şəhərindəki Atatürk Universitetinin professoru, pianoçu Həqiqət Məhərrəmova (sədr), Kaliforniyadakı San Xose Dövlət Universitetinin professoru, pianoçu Namiq Sultanov, Metropolitan Operanın solisti, bariton Aleksey Lavrov, Kolumbiya Universitetinin nəzdindəki musiqi məktəbinin və İsveçrənin Lozanna Konservatoriyasının nəzdindəki Ali Musiqi Məktəbinin skripka üzrə professoru Sergey Şvarts, Alberto-Korto adına Paris musiqi məktəbinin və Rüey-Malmezon Konservatoriyasının fortepiano üzrə professoru Rəna Şereşevskaya-Mustafabəyli, Madriddəki Kraliça Sofiya adına musiqi məktəbində “Fundación Banco Santander” fortepiano fondunun sədri, professor Stanislav Yudeniçdən ibarət münsiflət heyəti müəyyənləşdirib.
Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyev adına “Florida Keys” müsabiqəsi dünyanın hər yerindən istedadlı musiqiçilərin üzə çıxarılması, “Carnegie Hall” mərkəzində çıxış etmək imkanının yaradılması, Azərbaycanın zəngin musiqi mədəniyyətinə diqqətin cəlb olunması məqsədilə 2017-ci ildən etibarən keçirilir. Müsabiqənin önəmli tərəflərindən biri Azərbaycan musiqisinin çoxsaylı əcnəbi musiqiçilər tərəfindən ifa edilməsidir.
Layihənin rəhbəri Pərvin Muradov Azərbaycanın xalq artistləri – bəstəkar Cövdət Hacıyevin və milli rəqslərin görkəmli ifaçısı Əminə Dilbazinin övladıdır.