Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub.
Bu barədə "Report"a Azərbaycanın Özbəkistandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, ali təhsil müəssisəsinin Türkologiya fakültəsində təşkil olunmuş Azərbaycanşünaslıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü qoyulmuş, onun dövlətçiliyimiz, Ana dili - Azərbaycan dili ilə bağlı sitatları, Azərbaycan-Özbəkistan dostluğuna dair guşələr təşkil edilib, tariximiz, dövlətçiliyimiz, mədəniyyətimizə dair mini kitabxana yaradılıb.
Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru professor Gülçöhrə Rixsiyeva təhsil ocağı haqqında məlumat verərək 1918-ci ildə yaradılmış Türkistan Şərqiyyat Universitetinin varisi olan 105 illik yubileyini qeyd edən universitetdə 7 fakültədə 14 istiqamət üzrə beş minə yaxın tələbənin təhsil aldığını qeyd edib. Rektor universitetdə türk, ərəb, fars, koreya, yapon, çin, urdu, hind, puştu, malay, vyetnam və s. dilləri üzrə mütəxəssislər hazırlandığını vurğulayaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2022-ci ildən başlayaraq Azərbaycan dilinin də tədris olunduğunu bildirib.
Tədbirdə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycan dili tədris edilən tələbələri şeirlər söyləyib, Xalq şairi Səməd Vurğunun Azərbaycan şeirini səsləndiriblər.
Azərbaycan Mədəniyyət Mərkəzi adından Daşkənd Dövlət Şərqşünaslıq Universitetinə nəfiz "İrəvan xalçaları" kitabı, Mərkəzin layihəsi ilə Şuşaya aid 5 dilli nəşr və Özbəkistanda buraxılmış "Heydər Əliyev" və "Şuşa – Türk dünyasının mədəniyyət paytaxt" poçt markaları hədiyyə edilib.
Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunmuş “Heydər Əliyev – 100 kəlam” adlı kitab iştirakçılara təqdim olunub. Kitabda Ulu Öndərin 100 ümumibəşəri fikri toplanıb və bu kəlamlar özbək, türk, Azərbaycan dillərində nəşr edilib.