Birinci Qarabağ müharibəsinin qazaxıstanlı şəhidinin anım mərasimi keçirilib

Birinci Qarabağ müharibəsinin qazaxıstanlı şəhidinin anım mərasimi keçirilib Qazaxıstanın Janbıl rayonunun Kulan kəndində I Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olan qazax şəhid Yerbol Barımbekovun anım məclisi keçirilib.
Diaspor
7 İyul , 2022 09:33
Birinci Qarabağ müharibəsinin qazaxıstanlı şəhidinin anım mərasimi keçirilib

Qazaxıstanın Janbıl rayonunun Kulan kəndində I Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olan qazax şəhid Yerbol Barımbekovun anım məclisi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının və şəhidin yaxın qohumlarının birgə təşkil etdiyi anım tədbirində yerli sakinlər, döyüş yoldaşları və diasporumuzun üzvləri iştirak ediblər.

Yerbol Barımbekovun əziz xatirəsini yad edən mərasim iştirakçıları bildiriblər ki, 1993-cü ildə heç kimə demədən Qazaxıstan ordusunu tərk etdiyi üçün Vətəndə onu itkin düşmüş hesab ediblər. Valideynləri onun Azərbaycan Ordusunda qəhrəmanlıqla döyüşdüyünü, həlak olduğunu və Bakıdakı II Şəhidlər Xiyabanında dəfn olunduğunu bilmədən dünyadan köçüblər. Yalnız 28 il sonra döyüş yoldaşlarının vasitəsilə qohumları gənc şəhidin Bakıda dəfn olunmasından xəbər tutublar.

Azərbaycan diasporunun dəstəyi ilə Bakıya səfər edən qohumlar Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları və Erbolun döyüş yoldaşları ilə birlikdə şəhidin məzarını ziyarət ediblər.

Xatırladaq ki, Azərbaycan ordusunda kəşfiyyatçı kimi xidmətə başlayan Yerbol Barımbekov Murovdağda və Tərtər-Ağdərə zonasında döyüşüb. Kəşfiyyat qrupuna rəhbərlik edib, mühüm əhəmiyyətli əməliyyatlarda iştirak edib, 8 dəfə düşmənin arxa cəbhəsində tapşırıqları yerinə yetirib. 20 yaşlı gənc 1994-cü il aprelin 20-də döyüş zamanı qəhrəmancasına həlak olub.

Son xəbərlər

Orphus sistemi