Azərbaycanlılar Ermənistanın Britaniyadakı səfirliyi qarşısında piket keçirib

Azərbaycanlılar Ermənistanın Britaniyadakı səfirliyi qarşısında piket keçirib Aksiya iştirakçıları Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladan plakatlar və şüarlardan istifadə ediblər
Diaspor
20 Aprel , 2015 18:53
Azərbaycanlılar Ermənistanın Britaniyadakı səfirliyi qarşısında piket keçirib

Bakı. 20 aprel. REPORT.AZ/ Ermənistanın Britaniyadakı səfirliyi qarşısında iki günahsız mülki azərbaycanlının işğal altındakı Kəlbəcər rayonunda girov götürülməsinə etiraz olaraq piket keçirilib. 

"Report" xəbər verir ki, aksiya iştirakçıları Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladan plakatlar və şüarlardan istifadə ediblər.

Xatırladaq ki, girovluqluqda olan 54 yaşlı Dilqəm Əsgərov və 46 yaşlı Şahbaz Quliyev 2014-cü ilin iyun ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni qüvvələri tərəfindən əsir götürülüblər. Digər üçüncü şəxs, 38 yaşlı Həsən Həsənov isə öldürülüb. Həmin ilin dekabr ayında qondarma məhkəmə Dilqəmi ömürlük, Şahbazı isə 22 il həbs cəzasına məhkum edib.

Qeyd edək ki, bu şəxslərin mühakimə və həbs edilməsi Avropa İnsan Hüquqları Konvensiyasını, Beynəlxalq Humanitar Hüququ, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasını pozur və Ermənistanın Mülki və Siyasi hüquqlar haqda Beynəlxalq Pakt çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən yayınması deməkdir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland Dilqəm Əsgərov və Şahbuz Quliyevin dərhal azad edilməsini tələb edib.

Bu şəxslərin tutulması və "mühakimə edilməsi" beynəlxalq hüquq prinsiplərinə ziddir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizni işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu işğal bugünə qədər davam edir. İşğalçı erməni qüvvələri tərəfindən azərbaycanlıların öz əzəli torpaqlarında girov götürülməsi qərarı Ermənistanın davam etməkdə olan qeyri konstruktiv mövqeyinin göstəricisidir.

Son xəbərlər

Orphus sistemi