Çexiyada fəaliyyət göstərən Azərbaycan icması Praqa şəhərində ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı növbəti məlumatlandırma aksiyası keçirib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Boris Nemtsov meydanı 529/2 ünvanında yerləşən Praqadakı Sənədlər Mərkəzi önündə baş tutan aksiya Azərbaycan icmasının fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Aksiya zamanı “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Azərbaycan torpaqlarında Ermənistan əsgəri olmamalıdır!”, “Ermənistan, hücumu dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!”, “Ermənistan İrəvandakı Azərbaycan mədəni irsini məhv edir”, “Azərbaycanın təbii sərvətlərinin talanına son qoyulsun!”, “Ətraf mühitə düzəldilməsi mümkün olmayan ziyanın vurulmasına son qoyulsun!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.
Bu addımla icmamız ATƏT-in diqqətini Ermənistanın yenidən beynəlxalq ictimaiyyəti siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdləri göstərməsinə yönəldib. Azərbaycan icması ATƏT-i bu kritik və önəmli mərhələdə erməni yalanlarına inanmamağa, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə çağırıb.
Aksiya ilə maraqlanan Praqa sakinlərinə Ermənistanın ölkəmizə qarşə hərbi və ekoloji cinayətləri barədə ətraflı məlumat verilib. 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyi və 2020-ci ildə baş vermiş müharibədən sonrakı aktual problemlərin indiyədək həllini tapmaması vurğulanıb.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etməsi, 2020-ci il müharibəsindən bu günə qədər Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatması, rəsmi İrəvanın dəqiq mina xəritələri verməkdən imtina etməsi və bununla da insan hüquqlarını kobudcasına pozulması, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olması, azərbaycanlı hərbiçilərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qalması, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edilməsi, 60 min hektardan çox meşə sahəsinin darmadağın ediıməsi, çaylarımızın çirkləndirilməsi, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışması, Xankəndi-Laçın yolunun açıq olması kimi faktlar nəzərə çatdırılıb.