Almaniyanın Köln şəhərində Ermənistanın ekoloji terroruna etiraz və ətraf mühitin qorunması tələbləri ilə Xankəndi-Laçın yolunda aksiya keçirən ekoloji fəallara dəstək məqsədilə piket keçirilib.
“Report” xəbər verir ki, aksiya Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Köln Kafedralının qarşısında baş tutub.
Soydaşlarımız Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edib, yerli ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazisində törətdiyi ekoloji terrora cəlb ediblər.
Aksiyada ingilis və alman dillərində “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Ermənistanın ekoloji terrorunu dayandırın!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!”, “Laçın yolundan hərbi məqsədlərlə istifadəyə son qoyulmasını tələb edirik”, “Laçın-Şuşa-Xankəndi yolu Azərbaycanın suveren ərazisidir” və digər şüarlar səsləndirilib.