"ABŞ və Azərbaycan arasında hava əlaqəsinin qeyri-müəyyən müddətədək dayandırılması səbəbindən Vətənə dönə bilməyən tələbələrin yanındayıq və onlara zəruri yardım göstəririk".
Bunu "Report"un xüsusi müxbirinə açıqlamasında ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Azərbaycan Amerika Cəmiyyətinin (AAC) sədri Tomris Azəri deyib.
Onun sözlərinə görə, ABŞ-da təhsil alan, maddi dəstəyə ehtiyacı olan 6 tələbəyə yardım göstərilib, onların ev kirayəsi ödənilib: “Bütün dünya ağır və çətin günlərdən keçir. Azərbaycan Amerika Cəmiyyəti hər zaman olduğu kimi yenə də həmvətənlərimizin yanındadır. Biz 63 ildir ABŞ-da fəaliyyət göstəririk və 1957-ci ildən ofisimiz var. Nyu-Cersi ştatında Azərbaycan qəbiristanlığı mövcuddur və bu məzarlıqda atalarımız, babalarımız uyuyur. Onlar ABŞ-da Azərbaycan bayrağını zirvələrə qaldırıb, ölkəmizi tanıdıb, bu ölkəyə gələn həmvətənlərimizə arxa-dayaq olmağa çalışıblar. Biz də bu çətin günlərdə onların getdiyi yolun izindəyik. Bildiyiniz kimi, ABŞ hökuməti işsiz vətəndaşlarına yardımlar edir. Ancaq tələbələrimiz işləmədiklərindən bu kimi yardımlardan yararlana bilmirlər. Ona görə də belə çətin günlərdə ən çox dəstəyə ehtiyacı olan tələbələrimizin yanında olmalıyıq. Onlardan bəzilərinin yemək almağa belə pulları yoxdur. Mütəmadi olaraq cəmiyyət üzvlərimizlə əlaqə qurub yardıma ehtiyacı olan insanlara əl tuturuq. Könüllü dəstəkçlərimiz də var, onlar daha çox ABŞ-da yaşayan və çalışan həkimlərimizdir”.
T.Azəri bildirib ki, hazırda Nyu-York şəhərində iki azərbaycanlı koronavirusa yoluxub: “Onlarla birbaşa əlaqə qura bilməmişəm, ancaq cəmiyyətin üzvləri hər iki azərbaycanlı ilə danışıb. Onların vəziyyətinin yaxşı olduğunu deyə bilərəm. Biz mütəmadi olaraq müxtəlif şəhərlərdə yaşayan həmvətənlərimizlə əlaqədəyik. Hazırda Nyu-Cersi ştatında koronavirusa yoluxan azərbaycanlı yoxdur. Təəssüflər olsun ki, bu şəhərdə pandemiya qurbanları arasında çox sayda türk var. Onların içində tanıdığımız şəxslər belə var. Deməliyəm ki, türklər karantin qaydalarına riayət etmirlər. Onlar hələ də məscidlərdə və restoranlarda toplaşırlar. Bir koronavirus daşıyıcısı yüzlərlə insanı yoluxdura bilər. Belə olan halda isə ölümlər qaçılmazdır. İmmun sistemi zəif olan insanlar nəinki bu virusa, bütün xəstəliklərə çox tez yaxalanırlar. Əvvəllər pandemiya qurbanlarının 60 yaşdan yuxarı insanlar olduğu deyilirdi. Ancaq indi hər kəs koronavirusa yoluxur. Ona görə də dövlətin qayda-qanunlarına riayət etməliyik”.
Cəmiyyət rəhbəri vurğulayıb ki, ABŞ-da sərt karantin qaydaları tətbiq edilməyib: "İnsanların özlərini koronavirusdan qorumaq üçün tədbirlər görməsi vacibdir. Buradakı qaydalar bizi evdə oturmağa məcbur etmir. Ancaq insanlar bayıra çıxanda məcburən tibbi maska və əlcəklərdən istifadə edir, eyni zamanda insanlarla aralarında məsafə saxlayırlar. Düşünürəm ki, bir müddət sonra hər şey düzələcək. 2003-cü ildə Nyu-Yorkda baş verən 11 sentyabr terror hadisələrində də oxşar mənzərəni yaşayırdıq. Ancaq hər şey 6-7 ay içində düzəldi. Ümid edirik ki, qısa zamanda hər şey yoluna düşəcək. Bunun üçün hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət edib sağlamlığımızı qorumalıyıq”.
Vüsalə Abbasova