Gürcüstan Baş nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfər edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, nazir rayonda su təminatı və kanalizasiya sisteminin bərpası ilə bağlı həyata keçirilən layihənin gedişatı ilə tanış olub.
M.Tskitişvili bildirib ki, layihənin başa çatdırılmasından sonra Marneuli rayonunun 50 mindən çox yerli sakininin su təminatı ilə bağlı problemi həll olunacaq: “Həyata keçirilən layihə sayəsində Marneuli və 6 kənd 24 saat ərzində içməli su ilə təmin olunacaq. Rayonda su təminatı ilə bağlı problem on illərdir davam edir və rayon əhalisinin 80 faizdən çoxu sudan məhdud qrafiklə istifadə edir”.
Onu Marneuliyə səfəri zamanı baş nazirin regional məsələlər üzrə müşaviri Sozar Subari, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və Marneuli rayon rəhbərliyinin nümayəndələri müşayiət edib.
Marneulidə su təminatı və kanalizasiya sisteminin bərpası layihəsinin büdcəsi təxminən 56 mln. dollar təşkil edir. Layihəni Asiya İnkişaf Bankı maliyyələşdirir.
2021-ci ilin mart ayında başa çatdırılması planlaşdırılan layihə çərçivəsində nasos stansiyaları və su anbarları, magistral və daxili şəbəkə, kanalizasiya kollektorları inşa olunacaq.