Zaqatala rayonunun Qımır kəndində şəhid Turan Məhərrəmovun xatirəsinə inşa edilən bulağın açılışı olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 2022-ci ilin sentyabr ayının 14-də Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan Turan Məhərrəmovun şəhadətə yüksəlməsinin 40 günü tamam olur.
Bu münasibətlə keçirilən mərasimdə şəhidin ailə üzvləri, kənd sakinləri, Zaqatala rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bu ilin sentyabrında düşmən təxribatının qarşısı alarkən şəhid olan hərbçilərimizi qəhrəman adlandırıblar. Sonra 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.
Qeyd edək ki, 21 yaşlı Turan Məhərrəmov Vətən müharibəsində də iştirak edib, O, 3 bacının bir qardaşıydı, nişanlı idi, oktyabrın 9-da toyu olacaqdı.
Çıxışlardan sonra şəhid bulağının açılışı olub.