Yevlaxda ciddi problemlər yaranmış Sahil-Bulvar parkında əsaslı təmir işlərinə başlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində, dəmir konstruksiyalar üzərində quraşdırılmış Sahil-Bulvar istirahət parkında çayın səviyyəsinin tez-tez dəyişməsi ilə əlaqədar dəmir konstruksiyaların korroziyaya, beton örtüyün erroziyaya uğraması nəticəsində çökmələr baş verib.
Şəhər İcra Hakimiyyəti tərəfindən məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edilib, Nazirlik müraciəti yerində araşdıraraq İstirahət parkını təhlükəli və qəzalı ərazi kimi qiymətləndirib.
İstirahət parkında müxtəlif istirahət guşələrinin yaradılması, əyləncə qurğularının quraşdırılması, insanların istirahəti üçün lazımi şərait yaradılması nəzərdə tutulub.
Bu məqsədlə parkın ərazisində irimiqyaslı təmir işlərinə başlanılıb, korroziyaya uğramış dəmir konstruksiyalar, erroziyaya uğramış beton örtüyü götürülərək ərazidən kənarlaşdırılmış, çökmüş hissələrə inşaat materialları daşınaraq bərkidilib, beton və tamet örtüyü vurulub.