Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsinin sakinləri yaşadıqları ərazidəki su anbarının qanunsuz şəkildə özəlləşdirilib yerində yaşayış binasının tikilməsindən narazılıq ediblər.
Sakin Fəxrəddin Məmmədov “Report”a bildirib ki, su anbarı keçmiş SSRİ dövründə tikilib, 2018-ci ilə qədər istismarda olub:
"Sonra qəzalı vəziyyətdə olduğundan istifadəsi dayandırıldı. Mən problemi Yasamal rayonu Su İdarəsinə bildirmişəm. İdarənin mühəndisi Əfsəl Rzayev mənimlə söhbətində bildirdi ki, su anbarı qəzalı vəziyyətdə olsa da, təmiri mümkün idi, lakin anbarın ərazisi artıq satılıb".
F.Məmmədov avqust ayının əvvəlindən etibarən Bakıda su qıtlığı, suyun verilməsində fasilələr yaşandığını xatırladaraq bildirib ki, su anbarının təmir edilib sakinlərin istifadəsinə verməkdənsə, gecə saatlarında tələm-tələsik sökməyə üstünlük veriblər:
"Bu anbar strateji obyekt sayılırdı və su qıtlığı yaşanan zaman, müharibə, fövqəladə vəziyyət dövründə əhaliyə buradan su paylana bilərdi. Amma onun yerinə təzə su anbarı yox, yaşayış binası tikilir”, - deyə şikayətçi əlavə edib.
Məsələ ilə bağlı Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzdindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 694 ünvanındakı su anbarı uzun müddətdir istismara yararsız olub:
"Həmin anbarın ərazisi isə nasosxananın fəaliyyəti üçün istifadə edilib. Hazırda həmin nasosxananın yeri dəyişdirildiyindən anbara da artıq ehtiyac qalmayıb və yararsız su anbarı ləğv edilib" - xidmətin məlumatında vurğulanıb.
Su anbarının yenisi ilə əvəzlənməyib, yerinə niyə yaşayış binası tikilməsinə gəlincə isə bu prosesə hansı qurum yaxud qurumların nəzarət etdiyi barədə suallarımız cavabsız qaldı.