Erməni daşnakları 1918-ci ildə Naxçıvanda kəndləri viran qoyub, əhalini amansızlıqla qətlə yetiriblər.
“Report”un yerli bürosuna bunu Yaycı kəndinin sakini Hüseyn Süleymanov deyib.

O qeyd edib ki, Andronikin quldur dəstələri Araz çayının sahilində yerləşən, 4 minə yaxın sakini olan Yaycı kəndini yerlə yeksan edib, kəndin 2 min 500 sakinini amansızlıqla qətlə yetirib:
“Onlar evə girir uşaq, qoca, qadın kim olur olsun onları xəncərlə vurub öldürürdülər. Döşəməyə əllərini mıxlayırdılar. İnsanların arxasında samovar salıb, qaynadıb onları tədricən qızan samovarın istisi ilə öldürürdülər. Bu dəhşət idi”.
Sakin qeyd edib ki, 1918-ci ildə erməni daşnakları Naxçıvanda təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoyub.
“Atam danışırdı ki, onlar bizim evə daxil oldular, biz qaçıb gizləndik. Əmisini, dayısını, bacısını, qardaşını öldürüblər. Yəni kütləvi qətlə məruz qalanlardan biri də elə bizim öz ailəmiz olub”.
Yaycı kəndinin digər sakini Fərəc Fərəcov isə qeyd edib ki, insanlar Araz çayı vasitəsilə İrana keçmək istəsələr də, su bol olduğundan bunu edə bilməyiblər:

“Erməni quldurları onları elə Arazı keçmək istəyərkən öldürüblər. Nüvədi kəndinin yanında camaat yığışıb onları Arazdan çıxardıb və onları öz kəndlərinin yaxınlığında basdırıblar. Ora Yaycı Qəbiristanlığı adını qoyublar. Bunu bizə sonradan Nüvədi kəndinin camaatı danışırdı”.
Qeyd edək ki, Yaycı kəndinin mərkəzindəki abidə 2007-ci ildə Yaycı soyqırımı qurbanlarının xatirəsinə ucaldılıb. Hər il kənd sakinləri bu abidəni ziyarət edərək həmin o qaranlıq günləri xatırlayır, soyqırımı qurbanlarının ruhlarına dualar oxuyurlar.







