Bakı. 8 fevral. REPORT.AZ/ “Azərbaycanda 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar uğurla icra olunur. Azərbaycan irimiqyaslı layihələr həyata keçirir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.
“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında YAP-ın sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, ölkədə işsizliyin və yoxsulluğun azalması, ciddi sosial proqramların icra olunması, infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin sürətli inkişafına təkan verir.
Ə.Əhmədov qeyd edib ki, demokratiyanın inkişafı, xarici siyasət, ordu quruculuğu, elm, mədəniyyət və digər sahələrdə ciddi uğurlar əldə olunub: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli inkişaf edib, dövlətçilik ənənələri, demokratik təsisatları gücləndirilib, ölkənin beynəlxalq nüfuzu artıb, müdafiə qabiliyyəti ciddi şəkildə möhkəmləndirilib”.