Xronika: “Qərbi Azərbaycanda oğuz və qıpçaq boylarına məxsus toponimlər”

Xronika: “Qərbi Azərbaycanda oğuz və qıpçaq boylarına məxsus toponimlər” Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Qərbi Azərbaycanda oğuz və qıpçaq boylarına məxsus toponimlər” adlı süjet hazırlanıb.
Daxili siyasət
26 Noyabr , 2024 23:11
Xronika: “Qərbi Azərbaycanda oğuz və qıpçaq boylarına məxsus toponimlər”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Qərbi Azərbaycanda oğuz və qıpçaq boylarına məxsus toponimlər” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Adıyaman, Azadeğ, Azadibek, Azadxaraba, Azqala, Aznaberd toponim, oronim və hidronimləri haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranmasından min illərlə zaman keçir və bunlar heç vaxt unudulmur.

ADIYAMAN - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda dağ və çay adıdır. Bu oronimim adı ermənilər tərəfindən dəyişdirilərək Qarnasar, hidronimin adı isə dəyişdirilib Arkzi qoyulub.

ADIYAMAN - Talin mahalının eyni adlı rayonunda kənd adıdır və ermənilər tərəfindən Qarnhovit adlandırılıb.

AZADEĞ - Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda kənd adıdır. 1828-1929-cu illərdə ermənilər buraya İranın Xoy və Salmas vilayətlərindən köçürülüb yerləşdiriliblər. 1930-cu ildən burada yalnız ermənilər yaşayır.

AZADİBEK - Şörəyel mahalı ərazisində kənd olub. XIX əsrin ortalarında ləğv edilib və xarabalığa çevrilib.

AZADXARABA - Göyçə gölünün sahilində yerləşən bu kənd dağıdılıb və viran qoyulub.

AZQALA - Göyçə mahalı ərazisində kənd olub. Ermənilər tərəfindən ləğv edilib və xarabalığa çevrilib.

AZNABERD – Zəngəzur mahalının Meğri rayonbunda dağ adıdır.

Sonda vurğulanır ki, tarixin gerçəkliyini adları ilə ehtiva edən bu yurd yerlərinin acı taleyi yaddaşlardan silinmir: “Keçmişin coğrafi şahidləri olan bu məkanlar reallıqları yaşatmaqla yanaşı, insanlarda doğma yurda qayıdış ümidlərini artırır. Təbii ki, vaxt gələcək həqiqətlər bərpa olacaq, qədim torpaqların əsl sahibləri doğma yaşayış məskənlərinə qovuşacaqlar”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında noyabrın 26-da saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "Youtube" kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi