Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xocalı şəhərinə videoqrafların infoturunu təşkil edib.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
İnfotur Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub.
İnfoturun iştirakçısı olan videoqraflara Prezident İlham Əliyevin tapşırığı ilə Xocalıda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib.
Məlumat verilib ki, indiyədək Xocalıda 46 ailənin (179 nəfərin) məskunlaşması təmin edilib. İnfotur iştirakçıları Xocalı şəhərində yeni salınan yaşayış məhəlləsində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri ilə görüşüb, sakinlərin fikir və rəylərini öyrənib, video çəkilişlər aparıblar.