Dövlət Miqrasiya Xidməti əcnəbilərə və digər hədəf qruplarına göstərilən xidmətlərin rəqəmsallaşdırılması səviyyəsinin artırılmasına xüsusi diqqət yetirir.
"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) Vüsal Hüseynov Bakıda keçirilən Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda miqrasiya sahəsində demək olar ki, bütün xidmətlər elektron formada həyata keçirilir: “Bu gün istənilən maraqlı tərəf evini, ofisini və ya hər hansı digər yaşayış yerini tərk etmədən elektron xidmətlərdən istifadə etməklə əcnəbiləri qeydiyyata ala, müvəqqəti yaşayış müddətini uzada, iş və yaşama icazəsi ala və uzada bilər. DMX həmçinin “MigAz” mobil proqramı vasitəsilə elektron xidmətlər göstərir”.
V.Hüseynov qeyd edib ki, miqrasiyanın idarə edilməsində rəqəmsallaşmanın təşviqinə, eləcə də İKT-dən istifadəyə yönəlmiş səylər miqrantların hüquq və mənafelərinin müdafiəsinin yaxşılaşdırılmasına imkan yaradıb.